Xəbər lenti
Dəmir yumruq » Mədəniyyət » Bu gün görkəmli balerina Leyla Vəkilovanın doğum günüdür
Mədəniyyət / 29-01-2023, 17:19

Bu gün görkəmli balerina Leyla Vəkilovanın doğum günüdür

Bir zaman səhnədə Qu quşu obrazını canlandıranda, zərif bədəninin plastika imkanlarından məharətlə istifadə edərək bütöv bir əfsanəni auditoriyaya çatdıranda, sənətsevərlərə və pərəstişkarlarına ülvi hisslər aşılayanda, ağlına belə gətirməzdi ki, vaxt gələcək, o da öz sənəti ilə insanların qəlbində əfsanəyə çevriləcək. Rəqsin, baletin uşaq vaxtından vurğunu olan bu gözəl qız səhnədə yaratdığı obrazlara bütün ruhunu verir, tamaşaçıları öz qəhrəmanının arzusuna, sevincinə, kədərinə şərik etməyi bacarırdı...

AZƏRTAC xəbər verir ki, bu gün SSRİ Xalq artisti, Dövlət mükafatı laureatı Leyla Vəkilovanın anadan olmasının 96-cı ildönümü tamam olur.

Leyla Vəkilova 1927-ci il yanvarın 29-da Bakıda dünyaya göz açıb. Xoreoqrafiya məktəbində böyük sənətkar Qəmər Almaszadədən sənətin incəliklərini öyrənib, 1943-cü ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının balet truppasına solist qəbul edilib. İxtisasını təkmilləşdirmək məqsədilə 1945-1946-cı illərdə Moskva Xoreoqrafiya Məktəbində xüsusi kurs keçib, Bakıya qayıtdıqdan sonra Opera və Balet Teatrının aparıcı balet aktrisası kimi çalışıb.

Leyla Vəkilova müxtəlif illərdə A.Adamın “Jizel”, R.Qlierin “Qırmızı lalə”, P.Çaykovskinin “Sonalar gölü”, “Yatmış gözəl”, “Şelkunçik”, L.Minkusun “Don Kixot”, A.Kreynin “Laurensiya”, B.Zeydmanın “Qızıl açar”, B.Asafyevin “Bağçasaray fəvvarəsi”, Ə.Bədəlbəylinin “Qız qalası”, Q.Qarayevin “Yeddi gözəl”, “İldırımlı yollarla”, S.Hacıbəyovun “Gülşən” və digər baletlərdə yaddaqalan obrazlar yaradıb.

Sənətkar klassik balet elementləri və milli rəqs hərəkətlərimizi ustalıqla birləşdirərək uğurlu ifa təqdim edib. Yüksək səhnə mədəniyyəti, ifa texnikası və artistizm onun yaradıcılığının başlıca xüsusiyyətlərindən olub.

Leyla Vəkilovanın ifası emosionallığı, zərifliyi, coşqunluğu, çevikliyi ilə seçilirdi. Psixoloji məzmuna malik hərəkətləri sanki dil açıb danışırdı. Ə.Bədəlbəylinin “Qız qalası”nda böyük məharətlə oynadığı Gülyanaq insanlara həyatsevərlik, paklıq aşılayırdı. A.Məlikovun “Məhəbbət əfsanəsi” baletində canlandırdığı Şirin obrazı tamaşaçıların qarşısında dərin məhəbbət hisslərindən pərvazlanan insan idi. Ə.Abbasov “Qaraca qız” baletini məhz Leyla Vəkilova üçün yazıb. Bu əsərin xoreoqrafiyası balerinanın yaradıcılıq diapazonu üçün nəzərdə tutulmuşdu. Q.Qarayevin “Yeddi gözəl”indəki Ayişə surəti isə sənətkarın milli balet səhnəsində uzun müddət liderliyini təmin edib.

Leyla Vəkilovanın səhnə qəhrəmanları müxtəlif dövrlərə və sosial təbəqəyə mənsub olsalar da, onları məhəbbətə bağlılıq və sadiqlik kimi ümumi cəhət birləşdirib. Balerinanı isə qəhrəmanlarına bağlayan onun sənətinə olan böyük sevgisi və sadiqliyi idi. Odur ki, sənətkarın yaratdığı obrazlar mükəmməl bədii-xoreoqrafik surətlər kimi balet sənətimizin incilərindəndir.

Görkəmli balerina keçmiş SSRİ-nin respublikalarında, eləcə də dünyanın bir çox ölkələrində ifaçı və baletmeyster kimi qastrol səfərlərində olub. 1959-cu ildə Moskvada keçirilən Azərbaycan incəsənəti ongünlüyündə balerina “Qız qalası”, “Yeddi gözəl” və “Gülşən” əsərlərində baş rollarda çıxış edib. L.Vəkilovanın Moskva çıxışları azərbaycanlı balerinanın “ulduz saatı” adlandırılıb.

Balet ustası 1953-cü ildən ömrünün sonunadək Bakı Xoreoqrafiya Məktəbində klassik rəqslər fənnini tədris edib və 1992-ci ildən bu təhsil ocağının bədii rəhbəri olub. O, həmçinin 1976-1982-ci illərdə Azərbaycan Dövlət Rəqs Ansamblına rəhbərlik edib.

Leyla Vəkilovanın yaradıcılığı Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən yüksək qiymətləndirilib. Balerinanın 70 illik yubiley tədbirində Ulu Öndər şəxsən iştirak edib.

Görkəmli balet ustası Leyla Vəkilova 1999-cu il fevralın 20-də Bakıda vəfat edib, Fəxri xiyabanda dəfn olunub.

Bu gün də biz Leyla Vəkilovanın oynadığı baletlərdən fraqmentlərə baxanda xəyallarımızda dolaşan qəhrəmanlarımızı görür, onların saf hisslərinin təcəssümündən qəlbimiz riqqətə gəlir. İnamla deyə bilərik ki, balerinanın ifası öz ecazkarlığı ilə sənət aləmində bir əfsanəyə çevrilib. Hələ neçə-neçə nəsil bu incəsənət əfsanəsinin zəngin yaradıcılıq yolu ilə tanış olacaq, sənətdə ona bənzəməyə çalışacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.