“Məhəbbət tanqosu” baletsevərlərin ixtiyarında
Yanvarın 29-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində “Məhəbbət tanqosu” baleti nümayiş olunacaq.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Astor Pyatsollanın musiqisi əsasında səhnəyə qoyulan tamaşanın quruluşçu baletmeysteri tanınmış rusiyalı xoreoqraf, Rusiyanın Xalq artisti Liliya Sabitovadır.
Əsas rollarda Əməkdar artistlər Anar Mikayılov, Samir Səmədov, aparıcı solistlər Fatimə Xələfova və Zəhra Tanrıverdiyeva çıxış edəcəklər.
İki gəncin sevgisindən bəhs edən səhnə əsərində onlardan biri həyatını faciəli şəkildə itirsə də, həyatın davam etdiyi, məhəbbətin əbədi olduğu vurğulanır.
Rəqs, xüsusən tanqo sözlər olmadan ehtiraslı məhəbbəti etiraf etməyin ən yaxşı vasitələrindən biridir. Baletdəki qəhrəmanlar da bir-birilərinə olan sevgilərini rəqs vasitəsilə etiraf edirlər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır