Xəbər lenti
Dəmir yumruq » Mədəniyyət » Tanınmış teatr və kino aktrisası Ofeliya Aslan
Mədəniyyət / 27-01-2023, 18:00

Tanınmış teatr və kino aktrisası Ofeliya Aslan

Bu gün tanınmış aktrisa Ofeliya Aslanın anadan olmasının 84-cü ildönümü tamam olur.

AZƏRTAC xəbər verir ki, öz bənzərsiz istedadı ilə adını Azərbaycan teatr tarixinə yazdırmış Ofeliya Aslanın adı çəkiləndə, heç şübhəsiz, “Hicran” tamaşası, “Çarliston” obrazı daha çox yada düşür.

Ofeliya Aslan 1939-cu il yanvarın 27-də Bakıda, sənətkar ailəsində dünyaya göz açıb. Atası Xalq artisti Rza Əfqanlı görkəmli aktyor, anası Xalq rəssamı Bədurə Əfqanlı isə ilk azərbaycanlı qadın teatr rəssamı olub. O, 1983-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun (İndiki Mədəniyyət və İncəsənət Universitetinin) “Musiqili Komediya aktyoru” fakültəsini bitirib, bir müddət A.Şaiq adına Kukla Teatrında aktrisa kimi çalışıb.

Sonradan Musiqili Teatrda əvvəl xor artisti kimi işə başlayıb. Aktrisanın teatrda ilk rolu “Durna” komediyasında Lalə olub. Bundan sonra “Beş manatlıq gəlin” (Gülnaz), “Arşın mal alan” (Telli), “Hicran” (Çarliston), “Axırı yaxşı olar” (Dilbər), “Bankir adaxlı” (Səmayə) və digər tamaşalarda, həmçinin, “Yol əhvalatı”, “Aktrisanın təbəssümü”, “Xoşbəxtlik qayğıları”, “Adı sənin, dadı mənim”, “Evləri köndələn yar” kimi filmlərdə və teletamaşalarda yaddaqalan obrazlar yaradıb. “Mozalan” satirik kinojurnalının onlarca nömrəsində çəkilib.

O, teatr truppası ilə birlikdə SSRİ-nin müxtəlif şəhərlərində qastrol səfərlərində olub. SSRİ-nin Xalq artisti, görkəmli bəstəkar Rauf Hacıyevin Moskvanın Operetta Teatrında tamaşaya qoyulmuş “Ana, mən evlənirəm” əsərində Bibixanım rolunda səhnəyə çıxıb.

Ofeliya Aslan 2010-cu il mayın 18-də vəfat edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.