Cüzeppe Verdinin “Riqoletto” operası yenidən səhnədə
Fevralın 4-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında dahi bəstəkar Cüzeppe Verdinin "Riqoletto" operası yenidən nümayiş olunacaq.
AZƏRTAC xəbər verir ki, tamaşada əsas rolları Xalq artisti Əvəz Abdulla, Əməkdar artistlər İnarə Babayeva, Ramil Qasımov və Səbinə Vahabzadə ifa edəcəklər. Tamaşanı rumıniyalı dirijoru Daniel Jinga idarə edəcək.
Biletlər teatrın kassası ilə yanaşı, şəhərin bütün kassalarından və iticket.az saytından əldə etmək olar.
Qeyd edək ki, Verdi yaradıcılığının ən dəyərli nümunələrindən biri hesab olunan "Riqoletto" operasının librettosu Viktor Hüqoqun "Kral əylənir" dramının süjeti əsasında qələmə alınıb. "Riqoletto"nun premyerası 1851-ci il martın 11-də Venesiyanın "La Fenice" teatrında baş tutub. Tamaşa böyük uğur qazanıb və hersoq mahnısı bəstəkarın gözlədiyi kimi böyük səs-küyə səbəb olub. Operanı səhnələşdirəndən sonra bəstəkar deyib: “Düşünürəm ki, heç vaxt bundan yaxşısını yazmayacağam”.