Azərbaycan tarixinin şanlı səhifəsi və qürur günü VİDEO
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində 20 Yanvar faciəsinin 33-cü ildönümünə həsr olunan anma mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Mədəniyyət Mərkəzinin qarşısında ümummilli lider Heydər Əliyevin büstünü və “Şəhidlər bağı”ndakı abidə-kompleksini ziyarət edib, qarşısına gül-çiçək dəstələri düzüblər.
Mədəniyyət Mərkəzinin foyesində davam edən tədbirdə Azərbaycan səfirliyinin, Mədəniyyət Mərkəzinin nümayəndələri, “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin üzvləri, ölkənin elm, mədəniyyət və incəsənət xadimləri, soydaşlarımız, jurnalistlər iştirak ediblər.
Mərkəzin foyesində 20 Yanvar faciəsini əks etdirən stendlər, kitab və fotoşəkillərdən ibarət sərgi nümayiş olunub.
Daha sonra Azərbaycanın azadlığı və suverenliyi uğrunda həlak olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov 20 Yanvar faciəsinin Azərbaycanın istiqlalı yolunda çətin sınaq olduğunu və xalqımızın qəhrəmanlığını bütün dünyaya nümayiş etdirdiyini bildirib. O, Vətən torpaqlarının toxunulmazlığı, Azərbaycanın suverenliyi, Qarabağda başlanan separat hərəkətlərə öz etirazını bildirən xalqımızın əsl qəhrəmanlıq səhifəsini yazdıqlarını bildirib. Samir Abbasov tariximizin şanlı səhifəsi və qürur günü kimi qəbul edilən 20 Yanvar hadisələrinin vətəndaşlarımızı, soydaşlarımızı birləşdirdiyini və onların mübarizliyini daha da artırdığını qeyd edib.
O, bu hadisələr zamanı Azərbaycanın informasiya blokadasında olduğunu, xalqımızın səsinə səs verən Ulu Öndər Heydər Əliyevin sovet rəhbərliyinə öz kəskin etirazını bildirməsi, Azərbaycanın bu şəhərdəki nümayəndəliyinə gedərək hadisələrə dair açıqlamalarını Azərbaycan xalqının heç zaman unutmayacağını bildirib.
“Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin icraçı direktoru, professor Erkin Nuriddinov deyib ki, sovet ordusunun hissələri o gecə xəbərdarlıq edilmədən Bakı şəhərinə daxil olub, dinc əhalini döyüş maşınları, tank, pulemyot, avtomat və digər silahlardan atəşə tutaraq qətlə yetirməsi əsl xəyanət idi. O, Azərbaycan xalqının mübarizliyi, öz torpağına, Vətəninə bağlılığı haqqında danışaraq vurğulayıb ki, məhz şəhidlərin qanı bahasına bu gün Azərbaycan regionun və dünyanın sayılıb-seçilən ölkəsinə çevrilib.
Türkiyənin Özbəkistandakı səfirliyinin katibi Buğra Doğan Azərbaycan xalqının azadlıq və müstəqillik uğrunda apardığı qəhrəmanlıq mübarizəsindən danışıb, 20 Yanvar hadisəsi zamanı Bakıda törədilmiş zorakılıqları pisləyib, belə qanlı hadisələrin təkrarlanmamasını arzu edib.
Azərbaycan-Türkiyə-Özbəkistan İş Adamları Birliyinin rəhbəri Ruslan İmanzadə imperiya qoşunlarının Bakıda törətdikləri qanlı qırğınların təşkilatçılarının və icraçılarının Azərbaycan xalqının müqavimət hissini qıra bilmədiyini, qəhrəman xalqımızın mübarizliyi nəticəsində 28 ildən sonra Vətən torpaqlarımızın azad edildiyini qeyd edib.
Tədbirdə çıxış edən Daşkənddə yaşayan soydaşımız Kifayət Hüseynova 20 Yanvar faciəsinin Azərbaycan xalqına qarşı törədilmiş ən qatı bəşəri cinayət olduğunu, xalqımızın isə şanlı bir tarix yazdığını deyib.
Mədəniyyət Mərkəzində tədbir zamanı 20 Yanvar hadisələrinə həsr olunmuş videomaterial nümayiş etdirilib.