Dövlət Turizm Agentliyi: Azərbaycanda 100-dən çox hotel hələ də ulduz dərəcəsi ala bilməyib
Azərbaycanda hotellərin ulduzlaşması prosesinə başlanıldığı gündən 150 hotel tərəfindən müraciət daxil olub ki, onlardan 44 hotel 5, 4 və 3 ulduz dərəcələrinə layiq görülərək müvafiq sertifikatlarla təltif edilib. 100-dən çox hotel isə hələ də ulduz dərəcəsi ala bilməyib.
Bu barədə AZƏRTAC-ın sorğusuna cavab olaraq Dövlət Turizm Agentliyindən məlumat verilib.
“Ulduz dərəcəsinin verilməsindən sonra 3 il ərzində hotellər mütəmadi olaraq monitorinq olunur və həftəlik olaraq hotelin vəziyyəti ilə bağlı hesabat təqdim edilir. Milli Ulduz Təsnifatı zamanı, həmçinin hotelin xidmət səviyyəsi “TrustYou” beynəlxalq qonaq rəy platforması vasitəsilə dəyərləndirilir. Bu da daimi olaraq xidmət səviyyəsinin təkmilləşdirilməsini tələb edir. Hotel bu tələblərə cavab vermədikdə isə ona verilən ulduz dərəcəsi ləğv olunur. Bundan əlavə, respublika ərazisində sertifikatsız fəaliyyət göstərən hotellərlə maarifləndirici görüşlər keçirilir və onlara Milli Ulduz Təsnifatı, ulduz təsnifatının hotellər üçün yaratdığı üstünlüklər barədə informasiya təqdim olunur”, -deyə məlumatda bildirilir.
Qeyd edək ki, “Turizm haqqında” Qanuna əsasən, hər bir mehmanxana fəaliyyətə başladığı vaxtdan 6 ay ərzində ulduz kateqoriyası üçün müraciət etməlidir.