Üzeyir bəyin, Səməd Vurğunun, Əliağa Vahidin sevdiyi qadın: Leyla Bədirbəyli haqqında maraqlı faktlar - FOTO
Xalq artisti Leyla Bədirbəylinin anadan olmasından 102 il ötdü. Kulis.az bu münasibətlə aktrisa haqda maraqlı faktları təqdim edir.
Leyla Bədirbəyli 1920-ci il yanvarın 8-də Bakıda anadan olub. Atası Ağalar kişi uzun illər hərbçi olub, hətta polkovnik rütbəsinə qədər yüksəlib. Ehtiyata buraxıldıqdan sonra isə Energetika Texnikumunda direktor işləyib, 90 yaşında vəfat edib. Anası Bikə xanım isə Şəmkirin Dəllər kəndindəndir.
On altı yaşında rəqqas Fərəc Cavanşirovla ailə həyatı qurur. Bir il sonra onların oğlu doğulur. Gənc ana olan aktrisa işindən ayrılmır və səhnə fəaliyyətini davam etdirir. Leyla Bədirbəyli ilə Fərəc Cavanşirovun evliliyi cəmi dörd il çəkir.
İkinci həyat yoldaşı diş həkimi Kamil Aslanovla tanışlığının isə qəribə tarixcəsi olub. Kamil Aslanov ixtisasca diş həkimi olub, amma rəqs etməyi xoşlayır, gözəl rəqs edirmiş. Əli Bayramov klubuna gedir, Leylanı orada görür və çox bəyənir. Bir gün Leyla anasını da götürüb diş həkiminə aparmaq adı ilə Kamilin işlədiyi xəstəxanaya gətirir. Lakin bu gedişlərin sayı çoxaldıqca Leylanın anasının da hər dəfə bir dişi çəkilirmiş. Elçi gələndə isə artıq hər şey bəlli olur. Bikə xanım zarafata salıb deyir: “Bir-birinizi sevdiyinizi əvvəldən desəydiniz, mən də dişlərimi çəkdirməzdim”.