Tanınmış animasiya filmləri rejissoru Məsud Pənahinin 80 illik yubileyi qeyd ediləcək
Yanvarın 10-da C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası və Azərbaycan Animasiya Assosiasiyasının təşkilati dəstəyi ilə Azərbaycan Dövlət Film Fondunda tanınmış animasiya filmləri rejissoru Məsud Pənahinin 80 illik yubileyi qeyd olunacaq.
Bu barədə AZƏRTAC-a Azərbaycan Animasiya Assosiasiyasının sədri Rəşid Ağamaliyev məlumat verib.
Bildirib ki, yubiley tədbirində Dövlət Film Fondu tərəfindən bərpa olunmuş “Qız qalası əfsanəsi” (1978) və “Günlərin bir günündə...” (1975) animasiya filmləri, həmçinin uzun müddət itirilmiş hesab olunan, Məsud Pənahi tərəfindən Film Fonduna təqdim olunmuş “Xoruz” filmi (1977) nümayiş etdiriləcək.
Qeyd edək ki, Məsud Pənahi 1966-cı ildə Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini, 1972-ci ildə isə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun (ÜDKİ) rəssamlıq fakültəsini və ÜDKİ-nin nəzdindəki animasiya üzrə quruluşçu rejissor kurslarını bitirib. Məsud Pənahi animasiya kinosunun rejissorlarından İvan İvanov və Fyodr Xitrukdan dərs alıb. 1973-cü ildən 1979-cu ilə kimi Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında animasiya filmlərinin rejissoru və rəssamı kimi çalışıb. Həmin illər ərzində bir neçə animasiya kursları təşkil edib, onlarla animasiya mütəxəssisi yetişdirib. Məsud Pənahi məşhur “Pıspısa xanım və Siçan bəy” animasiya filminin müəllifidir. 1974-cü ildə Bakıda keçirilən VII Ümumittifaq festivalında “Bulud niyə ağlayır?” animasiya filminə görə 1-ci mükafata layiq görülüb. 1979-cu ildə isə Aşqabadda keçirilən XII Ümumittifaq kino festivalında “Qız qalası əfsanəsi” animasiya filminə görə iştirak diplomu ilə təltif edilib. Uzun illər Almaniyada yaşayıb, Berlin Mərkəzi Telestudiyasında və müxtəlif animasiya studiyaları nəzdində 60-dan çox animasiya filmlərinin çəkilişlərində iştirak edib. M.Pənahinin son işlərindən biri Berlindəki Azərbaycan diasporunun dəstəyi ilə 2012-ci ildə çəkilmiş və Xocalı faciəsindən bəhs edən “Sükutun pozulması” animasiya filmidir. 2018-ci ildə Məsud Pənahi Azərbaycan animasiyasına verdiyi töhfəyə görə 1-ci ANİMAFİLM Beynəlxalq Animasiya Festivalının “Qızıl qayıq” mükafatı ilə təltif olunub. 2019-cu ildə həmin festivalın beynəlxalq münsiflər heyətinin sədri olub. 2020-ci ildə Berlin şəhərində Məsud Pənahinin “Rezin xoruz” adlı avtobioqrafik kitabı nəşr olunub. O, 2022-ci ildən Azərbaycan Animasiya Assosiasiyasının üzvüdür.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır