On iki il qadın qiyafəsində - adı “Miri”, rolları Leyli, Əsli, Gülçöhrə...
XX əsrin əvvəllərində Azərbaycan mədəniyyətinin inkişafı və təbliği sahəsində əvəzsiz rolu olan şəxsiyyətlərdən biri də Əhməd Ağdamski olub. O, Şərqin ilk operası olan "Leyli və Məcnun" səhnəyə qoyulanda ilk dəfə olaraq operada Leylini oynamağa başlayıb və düz 12 il səhnəyə qadın qiyafəsində, qadın geyimində çıxıb.
AZƏRTAC xəbər verir ki, bu gün peşəkar teatr tariximizdə özünəməxsus yeri olan opera artisti, teatr fədaisi Əhməd Ağdamskinin anadan olmasından 138 il ötür.
Əhməd Ağdamski kimi tanınan Əhməd Bəşir oğlu Bədəlbəyli 1884-cü il yanvarın 5-də Ağdamda ziyalı ailəsində doğulub. Məşhur Bədəlbəyli nəslindən olan Əhməd bəy, eyni zamanda, dahi bəstəkarımız Üzeyir Hacıbəylinin doğma xalası oğludur. Hələ uşaq yaşlarından xalq mərasim tamaşalarında iştirak edən Ə.Ağdamskinin sənətə olan böyük marağı onu teatra gətirib çıxarıb. O, səhnə fəaliyyətinə “Nicat” xeyriyyə cəmiyyətinin teatr truppasında başlasa da, sonralar həm də “Səfa” mədəni-maarif cəmiyyətinin truppasında, Hüseynqulu Sarabskinin “Müsəlman opera dəstəsi”ndə və “Zülfüqar bəy və Üzeyir bəy Hacıbəyli qardaşlarının müdiriyyəti”ndə aktyorluq edib. Lirik tenor səsə, məlahətli və geniş diapazonlu ifa bacarığına malik olduğundan, milli aktrisaların yoxluğu ucbatından əsasən opera və operettalarda qadın rollarını ifa etməklə böyük şöhrət qazanıb.
XIX əsrin sonu XX əsrin əvvəllərində ölkəmizdə cəhalətin hökm sürdüyü bir dövrdə müsəlman qadınların səhnəyə çıxması qadağan idi. Qeyri-millətlərdən olan qadın aktrisalar isə ana dilimizi səlis bilmirdilər və hər saatda inciyib tamaşanı yarımçıq qoyub gedirdilər. Bu səbəbdən də qadın rollarında kişi aktyorlarımız səhnəyə çıxmaq məcburiyyətində qalırdılar. İlk müsəlman operası olan “Leyli və Məcnun”da da elə bu hal baş verdi. Leyli rolunda ilk dəfə aşpaz şagirdi Əbdürrəhman Fərəcov, ardınca isə sonralar opera tariximizdə adı əbədi qalan Ə.Ağdamski çıxış etdi. Belə ki, premyeradan sonra Ə. Fərəcov qadın rolunu oynamaqdan imtina etdiyindən Üzeyir bəy Leyli obrazı üçün yenidən aktyor axtarışına çıxır. Həmin vaxt Əhməd bəy “Realnı” məktəbində təhsil alırmış. Bu təhsil ocağının qaydalarına əsasən tələbələrin teatrda oynaması, həmçinin axşam tamaşalarına baxması üçün belə xüsusi icazə olmalıydı. Əhməd bəy üçün bu icazə alınır və o, Leyli rolunu oynamağa razı olur. Lakin xurafatın, nadanlığın mövcud olduğu bir zamanda Əhməd Bədəlbəyli təhqirlərə məruz qalmamaq üçün ictimai qınaqdan çəkinərək tanınmasın deyə bütün sənədlərdə adını “Miri” yazdırır. Dövrün qəzetlərində, tamaşaların proqramlarında Leyli rolunu ifa eləyən şəxs kimi “Miri” adlı birini göstərirlər. Ancaq sonradan Əhməd Bədəlbəyli “Ağdamski” təxəllüsünü götürərək şəxsiyyətini aşkar edir. Aktyorun Leyli rolunda çıxışı Üzeyir Hacıbəylinin o qədər xoşuna gəlir ki, sonralar o, bəstəkarın əsərlərində baş rolların ifaçısına çevrilir.
Ə.Ağdamskinin oynadığı qadın rolları xarakter etibarilə bir-birindən fərqlənirdi. O, bu obrazların hər birini tamam ayrı səpkidə canlandırır, tək oyun tərzini deyil, hətta səsini belə dəyişdirirdi. “Kürdü-Şahnaz”, “Rast”, “Bayatı-Şiraz”, “Şur”, “Bayatı-Kürd” kimi mürəkkəb muğamları, Leyli, Gülçöhrə, Şahsənəm və s. obrazların ariyalarını oxuması bunun isbatıdır. Uzun illər səhnəyə qadın qiyafəsində çıxır. Üzeyir Hacıbəylinin “Leyli və Məcnun”, “Əsli və Kərəm”, “O olmasın, bu olsun”, “Arşın mal alan”, “Ər və arvad”, “Rüstəm və Söhrab, “Şah Abbas və Xurşidbanu”, Zülfüqar bəy Hacıbəylinin “Aşıq Qərib” opera və operettalarında Leyli, Əsli, Gülnaz, Gülçöhrə, Minnət, Təhminə, Xurşidbanu və s. onun əsas rolları sırasına daxildir. O, hətta, 1916-cı ildə səssiz olaraq lentə alınan “Arşın mal alan” tammetrajlı bədii filmində Gülçöhrə roluna da çəkilib.
Aktyor XX əsrin 20-ci illərinin əvvəllərində doğma vətəninə - Qarabağa qayıdaraq, Ağdamda teatr truppası yaradıb. O, bir çox tamaşaların rejissoru olmaqla yanaşı, həm musiqili, həm də dram əsərlərində bir xanəndə-aktyor kimi də çıxış edib. 1934-cü ildə Ağdaşa köçüb və burada ömrünün sonunadək pedaqoji fəaliyyətlə məşğul olub.
O, fədakar əməyinin bəhrəsi olaraq 1943-cü ildə Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi fəxri adına layiq görülüb.
Əhməd Ağdamski 1954-cü il aprelin 1-də Ağdaş rayonunda vəfat edib.