“Artım”da açılan SAFEZONE sərgisi davam edir
YARAT Müasir İncəsənət Məkanının təşkilatçılığı ilə “Artım” layihə məkanında açılmış gənc rəssamlar Lali Binyatova, Nadir Eminov, İslam Həsənəlizadə, Katya İqoşina, Pərviz Kazımlı, Leylaxanım Qənbərli, İlkin Quliyev, Maksim Tatarintsevin “SAFEZONE” (Təhlükəsiz zona) adlı qrup sərgisi davam edir.
AZƏRTAC xəbər verir ki, gələn ilin fevral ayınadək davam edəcək sərgi öz ilhamını fransız filosofu Mişel Fuko tərəfindən mühazirə üçün işlənib hazırlanmış “Digər məkanlar haqqında: Utopiya və heterotopiya” (1967) adlı konsepsiyadan götürüb. “Heterotopiya” (“hetero” - digər, “topos” - yerlər) bir məkan daxilində xüsusilə ziddiyyətli və dəyişən, fərqli sayılan bir məkan kimi təsvir edilir. Mişel Fukonun fikrincə, utopiyalar, prinsip etibarilə, gerçək yeri olmayan və cəmiyyəti ideal formada təmsil edən yerlərdir. Bununla yanaşı, bəzi yerlər utopiyalara ziddir: böyük ehtimalla, hər bir mədəniyyətdə, hər sivilizasiyada həqiqi yerlər — həqiqətən mövcud olan və cəmiyyətin təməl daşını formalaşdıran yerlər var; onları bir növ “əks-ərazilər”, haradasa, effektiv şəkildə həyata keçirilmiş utopiya adlandırmaq olar.
Konsepsiyanın prinsiplərindən biri, “böhran heterotopiyası” adlanır və böhran vəziyyətində ola bilən cəmiyyət üzvləri üçün ayrılmış yerlərdən bəhs edir. Bu kontekstdə, qalereya məkanı rəssamlar üçün “heterotopiya” kimi təqdim olunur. Mövcud böhranda dayaq nöqtəsini tapmaq üçün, rəssamlar öz hekayələrini araşdıraraq, bu günü bərpa etmək üçün xəyali görüntülər yaradırlar. Özlərini ifadə etmək, əks etdirmək və katarsis üçün bir vasitə kimi onlar bədii mühitdən istifadə edirlər.
Ümumi qeyri-müəyyənlik və get-gedə azalan təhlükəsizlik şəraitində “sığınacaq” və “ev” anlayışları efemerik xüsusiyyətlər əldə edib: insanlar bir göz qırpımında öz başlarının üzərində damı itirirlər. “SAFEZONE” — rəssamların yaddaş, yerdəyişmə, paklanma, virtual aləm və zaman kimi müxtəlif kontekstlərdə təfsir etdiyi reallıq və paralel utopiya arasındakı məkana istinad etməklə, “sığınacaq” və “ev” kimi ambivalent anlayışlarını araşdırır.
Rəssamlar istər fiziki məkanda, istərsə də onun hüdudlarından xeyli kənarda, onlar “təhlükəsiz zonalarda” vasitəçi qismində çıxış etməklə, müxtəlif sığınacaq formalarını təklif edirlər.