Həmrəylik konserti - “Ümidindən, arzusundan dönməyən, Vətəndən-Vətənə”
Dekabrın 30-da Beynəlxalq Muğam Mərkəzində (BMM) Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş “Ümidindən, arzusundan dönməyən, Vətəndən–Vətənə” adlı konsert proqramı təşkil edilib. AZƏRTAC xəbər verir ki, Beynəlxalq Muğam Mərkəzinin təşkilatçılığı ilə keçirilən tədbirin bədii rəhbəri professor, Xalq artisti Mənsum İbrahimov, rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyevdir.
Konsert proqramında muğam müsabiqəsinin qaliblərinin, laureatlarının və muğam ixtisası üzrə təhsil alan gənc xanəndələrin çıxışları təqdim olunub. Proqramda vətənpərvərlik ruhlu mahnılar və təsniflər səsləndirilib.
Gecədə ifaçıları BMM-in solisti Rəşad İbrahimovun rəhbərliyi ilə muğam instrumental ansamblı müşayiət edib. Konsertdə Beynəlxalq Muğam Müsabiqəsinin qalibi Aytən Məhərrəmova, Əməkdar mədəniyyət işçisi Aşıq Samirə, xanəndələr Yusif Sadıqov, Həsrət Əzizli, Ədilə Əliyeva, Sədəf Budaqova, Elsevər Muradov, Günay İmamverdiyeva, Babək Şuşalı, Cavid Hüseyn Təbrizi, Çingiz Mehdipur, Sahənd Məzahiri, Nərmin Quliyeva və digər gənc xanəndələrin ifaları tamaşaçıların alqışları ilə qarşılanıb.
Vətənpərvərlik ruhlu tədbirdə Məhəmmədhüseyn Şəhriyarın, Süleyman Rüstəmin, Məmməd Araz və Azərbaycanın digər görkəmli şairlərinin sözlərinə bəstələnmiş vətənpərvərlik mahnıları, həmçinin Üzeyir Hacıbəyli, Müslüm Maqomayev, Xan Şuşinski, Cahangir Cahangirov, Şəfiqə Axundova, Əli Səliminin musiqiləri səslənib.