“Avatar: Suyun yolu” filmi 855 milyon dollar gəlir əldə edib
Ceyms Kemeronun “Avatar: Suyun yolu” filmi dünya üzrə 855 milyon dollar əldə edib.
AZƏRTAC xəbər verir ki, bu barədə “NBC News” məlumat yayıb.
Məlumata görə, bu məbləğdən ABŞ-ın payına 254 milyon dollar düşür. Analitiklərin fikrincə, havaların soyuması və qış fırtınaları Amerika kinoteatrlarında bilet satışının azalmasına gətirib çıxarıb. Daha əvvəl “Disney” kinoprokatının şöbə rəhbəri Toni Çembers qeyd etmişdi ki, tamaşaçılar koronavirus pandemiyası səbəbindən kinoteatrlara getməyə ehtiyat edirlər.
Kemeronun sözlərinə görə, hazırda satışdan əldə edilən vəsait filmi gəlirli hesab etmək üçün lazım olan məbləğin yarısından azdır.
2009-cu ildə nümayiş olunmuş ilk “Avatar” filmi dünya üzrə 2,9 milyard dollar gəlir gətirib və tarixdə ən uğurlu film titulunu saxlamaqdadır.