Filarmoniya maarifləndirici konsertlər silsiləsini davam etdirir
Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri və Bakı Kamera Orkestrinin konserti keçirilib.
AZƏRTAC xəbər verir ki, Filarmoniyanın gündüz konsertləri çərçivəsində təşkil olunan tədbirdə Əməkdar artist Fuad İbrahimovun rəhbərliyi ilə Xalq artistləri Fərhad Bədəlbəyli və Murad Adıgözəlzadə tərəfindən İ.S.Baxın, Y.Haydnın, S.Raxmaninovun əsərləri tamaşaçılara təqdim edilib.
Azərbaycan fortepiano məktəbinin görkəmli nümayəndəsi, Xalq artisti Fərhad Bədəlbəylinin, eyni zamanda Xalq artisti Murad Adıgözəlzadənin birgə çıxış etməsi tamaşaçılar tərəfindən gurultulu alqışlarla qarşılanıb.
Qeyd edək ki, Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının keçirdiyi gündüz konsertləri əsasən tələbələr üçün nəzərdə tutulub. Bu konsertlər gənc nəslin tərbiyəsində, dünyagörüşünün formalaşmasında, milli dəyərlərimizin qorunmasında böyük rol oynayır.