Xalq artisti Əhməd Bakıxanovun milli musiqi mədəniyyətimizə olan töhfəsi danılmazdır
Dekabrın 20-də Milli Kitabxanada Azərbaycanın Xalq artisti, görkəmli tarzən Əhməd Bakıxanovun anadan olmasının 130 illik yubileyi ilə əlaqədar tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Milli Kitabxananın direktoru, professor Kərim Tahirov 1930-cu illərdən Azərbaycan Dövlət Konservatoriyasında, daha sonra Azərbaycan Dövlət Musiqi Məktəbində muğamdan dərs deyən, Azərbaycan radiosunun nəzdində Xalq çalğı alətləri ansamblının təşkilatçısı və rəhbəri olan Əhməd Bakıxanovun milli musiqi mədəniyyətimizə olan töhfələrindən danışıb.
Bildirib ki, geniş və çoxşaxəli yaradıcılığı ilə Azərbaycanın musiqi sənəti xəzinəsinə dəyərli töhfələr vermiş Əhməd Bakıxanov ifa etdiyi muğamlar, eləcə də bəstələdiyi mahnı, rəng və təsniflərlə musiqimizin qızıl fondunda özünəməxsus yer tutur. Qeyd edib ki, görkəmli tarzənlərimizin əksəriyyəti Əhməd Bakıxanovun yetirmələridir.
Xalq artisti Ramiz Quliyev Milli Kitabxanada, bu müqəddəs ocaqda dahi sənətkarın yubiley tədbirinin təşkilinə və dəvətə görə kitabxana rəhbərliyinə təşəkkür edib: “Əhməd Bakıxanovun bizə miras qoyduğu irsi, tarixi unutmaq olmaz. Tarın sütunlarından biri Sadıqcan, digərləri Qurban Pirimov və Mirzə Mansurov, biri isə Əhməd Bakıxanov olub. Əhməd Bakıxanovun təşkilatçısı və uzun illər ərzində rəhbəri olduğu Xalq çalğı alətləri ansamblının hazırda da onun adını daşıyır”.
Xalq artisti Zamiq Əliyev qeyd edib ki, Əhməd Bakıxanov və digər görkəmli tarzənlərimizdən gələn ənənəni davam etdirmək, tarın texnikasını dərindən öyrənmək, onu qorumaq, tarzən ordusu yetişdirmək və tarımızın bu gün sədasının dünyanın hər yerindən gəlməsini təmin etmək bizim ən ümdə vəzifəmizdir.
Əhməd Bakıxanovun oğlu, Xalq artisti, bəstəkar Tofiq Bakıxanov atasının 130 illik yubileyinin keçirilməsinə dair Sərəncam imzaladığına görə Prezident İlham Əliyevə və muğamlarımızın qorunması istiqamətindəki əvəzsiz xidmətlərinə görə Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürünü bildirib.
Sonda tədbir iştirakçıları təşkil olunmuş sərgiyə baxış keçiriblər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin