Görkəmli alimin xatirəsinə töhfə - “Zirvəyə doğru”
Bu günlərdə "Çapar" yayınlarında nəfis tərtibatda çapdan çıxan növbəti kitab filologiya elmləri doktoru, professor Xalid Əlimirzəyevə həsr olunub.
AZƏRTAC xəbər verir ki, “Zirvəyə doğru” adlı kitabda XX əsrin 70-ci illərindən başlayaraq son dövrlərə qədər Xalid Əlimirzəyevin elmi, bədii yaradıcılığı, pedaqoji və ictimai fəaliyyəti haqqında yazılmış məqalələr, publisistik yazılar, onun ömür yolunu əks etdirən fotoşəkillər yer alıb.
Xalid Əlimirzəyevin ədəbiyyatşünas alim, tənqidçi kimi tədqiqat dairəsi geniş və çoxcəhətli olub. O, Mir Cəlal elmi-nəzəri məktəbinin görkəmli nümayəndələrindən biri olaraq Azərbaycan ədəbiyyatının ədəbi-bədii və elmi-nəzəri proseslərinin araşdırılması sahəsində uğurla çalışıb. Klassik və müasir ədəbiyyatımızın ədəbi-nəzəri problemlərinə, bütünlükdə ədəbiyyatşünaslığın və incəsənətin müxtəlif məsələlərinə dair qələmə aldığı 300-dən artıq elmi məqalə, 350-dən çox publisistik yazı, iri həcmli monoqrafiyalar, kitab, dərslik və dərs vəsaitləri gərgin elmi axtarışların məhsulu, bəhrəsidir.
Kitabın elmi redaktoru filologiya üzrə fəlsəfə doktoru Rəfayət Əlimirzəyeva, elmi rəyçisi, filologiya üzrə elmlər doktoru, professor, Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi Məhərrəm Qasımlıdır.
İnanırıq ki, Xalid Əlimirzəyevin geniş və çoxcəhətli fəaliyyəti hələ uzun illər elmi ictimaiyyətin, ədəbi tənqidin diqqətində olacaq, haqqında yeni-yeni tədqiqat əsərləri yazılacaq.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin