Bakıda Qazaxıstan Kino Günləri başlayıb VİDEO
Bakıda Qazaxıstan Kino Günləri başlayıb.
AZƏRTAC xəbər verir ki, Qazaxıstanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə həyata keçirilən tədbirin ilk günündə Nizami Kino Mərkəzində “Kenje Kiz” cizgi filmi nümayiş olunub. Rejissoru İvan Ardaşov olan bu cizgi filmində balaca qız böyük qardaşları tərəfindən görməzdən gəlindiyi üçün onların diqqətini çəkmək istəyir. Ancaq səhvən yatmış qədim şeytanı azad edir və yalnız Kenje onu dayandıraraq böyük fəlakətin qarşısını ala bilər.
Rejissor İvan Ardaşov çox həyəcanlı olduğunu söyləyib: “Filmi izləmək məndə qarışıq hisslər yaradır. Çünki böyük ekranda öz işimə baxıram. Zalda çoxlu uşaqların olması məni daha da həyəcanlandırır. Filmin çəkilişi 1 ilə başa gəldi. Amma ideya üzərində 4 ay işlədik. Başqa bir ölkədə öz işini təqdim etmək istənilən halda həyəcanvericidir”.
Daha sonra Qazaxıstanın Azərbaycandakı səfirliyinin müşaviri Jandos Nurmaxambetov ölkələrimiz arasında diplomatik əlaqələrin 30 illiyinin xüsusi qeyd edildiyini bildirib: “Bu tədbir Azərbaycanla Qazaxıstan arasında diplomatik əlaqələrin yaranmasının 30 illiyinə həsr olunub. Bu il artıq yubiley çərçivəsində bir neçə tədbir keçirmişik. Bu cizgi filminin nümayişi də çox xoş və qürurvericidir. Hamıya xoş seyrlər arzu edirəm.
Qazaxıstan Kino Günləri çərçivəsində dekabrın 11-də “Alğa” filmi nümayiş olunacaq. Qeyd edək ki, hər iki film ingilis subtitrləri ilə rus dilində təqdim edilir.
İki gün davam edəcək Qazaxıstan Kino Günlərinə giriş sərbəstdir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin