Xəbər lenti
Dəmir yumruq » Mədəniyyət » Dirijor pultu arxasında keçən 60 ilin anları
Mədəniyyət / 3-12-2022, 16:00

Dirijor pultu arxasında keçən 60 ilin anları

Dirijorluğun ayrıca bir sənət kimi formalaşma tarixi o qədər də qədim deyil. Musiqi ifaçısız yaşamır. Musiqiyə can verən, onu notlarla dinləyiciyə çatdıran məhz ifaçılardır. Bu baxımdan dirijor sənəti xüsusi bir özəlliyə malikdir. O, heç bir musiqi alətində ifa etmir, lakin bütün bu alətləri idarə edir. Musiqinin məzmununu, ideyasını çatdırmaq onun vasitəsilə gerçəkləşir. Hər dirijorun öz dünyası, təxəyyülü, musiqiyə baxışı var. Biz orkestrda səslənən musiqini, bəstəkarın ideyasını məhz dirijorun vasitəsilə mənimsəyərək hiss edirik. Nə yaxşı ki, Azərbaycan musiqisində Üzeyir Hacıbəylinin, Qara Qarayevin, Fikrət Əmirovun yanında duran böyük dirijorlar olub.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Dövlət Akademik Filarmoniyasında dirijor, Xalq artisti Rauf Abdullayevin 85 illiyi ilə əlaqədar keçirilən tədbirdə Azərbaycan Milli Konservatoriyasının prorektoru, professor Lalə Hüseynova deyib.

Azərbaycan musiqisini Niyazisiz təsəvvür etməyin mümkünsüz olduğunu qeyd edən prorektor musiqi mədəniyyətimizin dünya miqyasına çıxmasında onun çox böyük əməyinin olduğunu deyib. Bildirib ki, Niyazidən sonra Azərbaycan musiqisində yeni bəstəkarlar, ifaçılar nəsli yetişdi: “Onların sırasında maestro Rauf Abdullayevin adını xüsusilə qeyd etmək lazımdır. O, çox böyük məharətlə öz dövrünün nəbzini tuta bilib. Onun repertuarı son dərəcə zəngindir. R.Abdullayev eyni məharətlə klassik və müasir əsərləri idarə edir. Bütün bunlar onun yaradıcılığının çoxşaxəli olmasını göstərir. Bir çox tanınmış bəstəkarlarımızın əsərləri onun dirijorluğu ilə səslənib. R.Abdullayev həm opera, eləcə də simfonik orkestr, həmçinin kamera orkestri dirijoru kimi fəaliyyət göstərib. Uzun illərdir ki, o, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında çalış və teatrda 50-yə yaxın tamaşaya rəhbərlik edib. O, 85 illik ömrünün 60 ilə yaxın bir dövrünü bu çətin sənətə həsr edib”, - deyə L.Hüseynova vurğulayıb.

Gecədə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri Əməkdar artist Fuad İbrahimov və Mustafa Mehmandarovun rəhbərliyi ilə çıxış edib. M.Musorqskinin “Sərgidən şəkillər” və C.Verdinin “Taleyin yolu” operasından uvertüra səslənib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.