Qarabağın ulduzu və ya zirvədən uca ŞUŞA
Şuşa şəhərinə həsr olunmuş kitabların təqdimatı olub
Bakı, 2 dekabr, Emil Məlikov, AZƏRTAC
Şuşa Azərbaycan mədəniyyətinin formalaşmasında xüsusi rolu olan şəhərdir. Onun hər küçəsi, hər evi, hər dalanı tariximizin bir parçasıdır. Şuşa şəhərinin qədim tarixi, mədəni həyatı, maddi-mədəni abidələri, işğal dövründə məruz qaldığı dağıntılar və azadlığa qovuşmasını əks etdirən məlumat və fotolar Azərbaycan-ingilis və Azərbaycan-rus dillərində hazırlanan kitablarda dolğun şəkildə öz əksini tapıb.
AZƏRTAC xəbər verir ki, bu sözləri dekabrın 2-də Beynəlxalq Muğam Mərkəzində "Şuşa. Zirvədən uca" və "Şuşa. Qarabağın ulduzu" adlı kitabların təqdimat mərasimində mədəniyyət naziri Anar Kərimov deyib.
Qeyd edilib ki, hər iki kitab “Şuşa İli” çərçivəsində Mədəniyyət Nazirliyi və “PAŞA Həyat Sığorta” ASC-nin dəstəyi ilə “İRS” nəşriyyat evi tərəfindən çap olunub.
"Bu gün çox önəmli kitabların təqdimatını keçiririk. Kitabların ərsəyə gəlməsinin əsas səbəbi Prezident İlham Əliyev tərəfindən bu ilin "Şuşa İli" elan olunması ilə bağlıdır. Şuşa şəhəri Azərbaycan dövlətçiliyi, mədəniyyəti və tarixi üçün xüsusi önəm kəsb edir. Ona görə də şəhər addım-addım, küçə-küçə yenidən canlanır, daha gözəl və füsunkar görkəm alır. Təqdim olunan kitablar bu qəbildən böyük əhəmiyyət daşıyır”, - deyə nazir vurğulayıb.
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli, "İRS" jurnalının baş redaktoru Musa Mərcanlı və “PAŞA Həyat Sığorta” ASC-nin İdarə Heyətinin sədri Niyaz İsmayılov kitabın ərsəyə gəlməsini böyük töhfə kimi dəyərləndirblər. Qeyd olunub ki, mədəniyyət beşiyi Şuşaya həsr olunan belə nəşrlər Qarabağ tarixinə güzgü tutan maddi-mədəni abidələrimizin gələcək nəsillərə çatdırılması baxımından böyük əhəmiyyət kəsb edir.
Təqdimat mərasimində “İrs” və “Azerbaijan Airlines” jurnallarının baş redaktoru Musa Mərcanlıya "Şuşa-270" döş nişanı verilib.
Tədbir bədii hissə ilə davam edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır