Rusiyada Polad Bülbüloğlunun skripka üçün orkestrlə konsertinin premyerası olub
Novosibirskdə Polad Bülbüloğlunun skripka üçün orkestrlə konsertinin premyerası olub.
AZƏRTAC xəbər verir ki, Rusiyanın Xalq artisti, virtuoz skripkaçı Vadim Repin Novosibirskdə keçirilən festivalda Rusiyada ilk dəfə olaraq Azərbaycanın Xalq artisti, müğənni və bəstəkar, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun onun üçün məxsusi bəstələdiyi konserti ifa edib.
Novosibirsk Filarmoniyasının mətbuat xidməti V.Repinin aşağıdakı sözlərini sitat gətirib: “Bu konsert bizim Poladla uzunillik dostluğumuzun nəticəsidir. Zənnimcə, o, çox açıq, gözəl, bəzi məqamlarda harmonik gözlənilməz çalarlı və məntiqli, nizamlı alınıb. Mən bu konserti çox yüksək qiymətləndirirəm və ümidvaram ki, o, planetin müxtəlif yerlərində səslənəcək”.
Polad Bülbüloğlunun skripka üçün orkestrlə konsertində Vadim Repini Sergey Skripkanın idarə etdiyi Novosibirsk Akademik Simfonik Orkestri müşayiət edib.