Koto ifaçısı Nobutaka Yoşizavanın Bakıda konserti olub
Martın 15-də Beynəlxalq Muğam Mərkəzində Yaponiya səfirliyi tərəfindən yapon ənənəvi musiqi aləti olan koto ifaçısı Nobutaka Yoşizavanın konserti təşkil edilib.
AZƏRTAC xəbər verir “Yapon küləyi” adlı silsilə tədbirlər çərçivəsində keçirilən konsertdən öncə Yaponiyanın Azərbaycandakı səfiri Cuniçi Vada iki ölkə arasında olan dostluq münasibətindən danışıb. Səfir qədim köklərə dayanan ənənəvi yapon musiqi aləti koto və ifaçı haqqında məlumat verib və belə tədbirlərin Azərbaycanda yapon mədəniyyətinə olan marağı daha da artıracağına ümidvar olduğunu bildirib. Səfir deyib: “İki dost ölkə arasında dostluq münasibətinin bünövrəsi uzun illər bundan əvvəl qoyulub. O vaxtdan bəri ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlıq əlaqələri qurulub və bunun daha da möhkəmləndirilməsi üçün kifayət qədər əsaslar mövcuddur”.
Bu il fevral ayından başlayaraq Yaponiya səfirliyinin Azərbaycanda “Yapon küləyi” adlı silsilə tədbirlər keçirdiyini vurğulayan səfir bununla ölkəmizin sakinlərinin yapon mədəniyyəti və adət-ənənələri ilə tanış olmaq imkanının yarandığını da qeyd edib: “Bu gün burada ifasını dinlədiyiniz koto uzunluğu təxmini 2 metr olan 13 simli qədim yapon musiqi alətidir və qədim zamanlarda yalnız saray musiqi aləti kimi istifadə olunub. Müasir Yaponiyada bir çox musiqi aləti ilə birgə və ya solo şəkildə ifa olunaraq, öz zərif səs tonu ilə qəlbləri oxşayır. Koto musiqi alətinin gənc ifaçısı, məşhur “Kencun” mükafatı sahibi Nobutaka Yoşizava indiyədək bir sıra ölkələrdə konsert proqramı ilə çıxış edərək, son zamanlar yapon koto musiqisinin fəal təbliğatçısı kimi tanınır”, - deyə səfir vurğulayıb.
Sonra Nobutaka Yoşizava kotoda özünəməxsus ifaları ilə tamaşaçıların qarşısında çıxış edib. O, klassik koto musiqiləri ilə yanaşı, sonda qonaqlara Azərbaycan muğam musiqisi ilə sintez ifalar təqdim edib. Bütün ifalar tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.