Xəbər lenti
Dəmir yumruq » Mədəniyyət » Teatr Xadimləri İttifaqında Milli Teatr Günü təntənəli şəkildə qeyd olunub
Mədəniyyət / 10-03-2023, 22:25

Teatr Xadimləri İttifaqında Milli Teatr Günü təntənəli şəkildə qeyd olunub

Martın 10-da Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə İttifaqın səhnəsində Milli Teatr Gününə həsr olunmuş təntənəli tədbir təşkil olunub.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Teatr Xadimləri İttifaqının sədr müavini, Xalq artisti Hacı İsmayılov çıxış edərək milli teatrın yaranma tarixindən danışıb və tədbir haqqında ümumi məlumat verib, eyni zamanda İttifaqın təşəbbüsü ilə təşkil olunan "Baxış – 3” festivalının əhəmiyyətini vurğulayıb. Bildirilib ki, festivalın keçirilməsində əsas məqsəd 4 ay ərzində laboratoriyalarda məşğul olan gənclərin mənimsədikləri bilik və bacarıqları nümayiş etdirmək, onları yeni axtarışlara ruhlandırmaq və teatr məkanında baş verən yaradıcılıq proseslərini fəallaşdırmaqdan ibarət olub: “Budəfəki festivalda əvvəlkilərdən fərqli olaraq demək olar ki, iştirakçıların böyük əksəriyyəti digər sahələrdə fəaliyyət göstərən teatrsevərlərdir. “Baxış – 3” festivalında “Rejissor”, “Aktyor” və “Eksperimental teatr” laboratoriyalarının işləri təqdim olunub"

Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Azər Paşa Nemətov bu əlamətdar gün münasibətilə bütün yaradıcı insanları və teatrsevərləri təbrik edərək deyib: "Bu gün Azərbaycan teatrı yaranmasının 150-ci ildönümünü qeyd edir. Azərbaycan teatr sənəti qədim və zəngin tarixi yol keçib. 1873-cü il martın 10-da Bakı realnı məktəbinin teatr həvəskarları truppası tərəfindən Mirzə Fətəli Axundzadənin “Sərgüzəşti-vəziri-xani Lənkəran” komediyası nümayiş etdirilib. Azərbaycanda milli teatrın əsası bu tamaşa ilə qoyulub. Bu il Milli Teatr Günü həm də peşəkar milli teatrın yaranmasının 150-ci ildönümü ilə əlamətdardır. Uzun və şərəfli tarixi yol keçmiş Azərbaycan teatrı inkişaf yolunda son illərdə yeni mərhələyə qədəm qoyub. Bu inkişaf özünü ilk növbədə, teatrların maddi-texniki bazasının müasir dünya standartlarına uyğun möhkəmləndirilməsində, yeni maraqlı tamaşaların hazırlanmasında, nüfuzlu Qərb, o cümlədən Avropa teatrları ilə təcrübə mübadiləsinin genişləndirilməsində və bu kimi bir çox başqa istiqamətlərdə göstərir. Teatrlarımızın yeni inkişaf yoluna çıxmasında daim mədəniyyət və incəsənətin böyük hamisi kimi bu sahədə çalışanların sonsuz rəğbətini qazanmış Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xidmətləri misilsizdir. Yeri gəlmişkən qeyd etməliyik ki, bu il ölkəmizdə Ulu Öndərin 100 illik yubileyi münasibətilə “Heydər Əliyev İli” elan olunub. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş “Heydər Əliyev və milli teatr sənəti” layihəsi çərçivəsində Heydər Əliyev Mərkəzində tamaşa təqdimatları davam edir. Ulu Öndər hər zaman teatra, yaradıcı insanlara çox böyük diqqət və qayğı ilə yanaşıb. Bu ənənə bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. “Azərbaycan peşəkar milli teatrının 150 illik yubileyinin qeyd olunması haqqında” Sərəncam buna bariz nümunədir. Məhz Prezident İlham Əliyevin bilavasitə təşəbbüsü ilə son illərdə ölkədə teatr sənətinin inkişafı ilə bağlı bir sıra fundamental dövlət sənədləri qəbul olunub. Azərbaycan teatrının 10 illik inkişaf perspektivlərini müəyyənləşdirən Dövlət proqramı öz fəaliyyəti ilə milli-mədəni sərvətə çevrilən teatrımızın zəngin bədii irsinin və yaradıcılıq ənənələrinin qorunması, Avropa mədəniyyətinə inteqrasiya olunması, teatrların maddi-texniki bazalarının modernləşdirilməsi, teatr binalarının dünya standartlarına uyğun təmiri, informasiya və maliyyə resurslarından səmərəli istifadə edilməsi və repertuarın günün tələblərinə uyğun formalaşdırılması məqsədlərinə xidmət edib. Hər zaman sənət adamlarına diqqət və qayğı ilə yanaşan Prezident İlham Əliyevin 2013-cü il 1 mart tarixli Sərəncamı ilə ölkəmizdə “Milli Teatr Günü” təsis edilib", -deyə İttifaqın sədri bildirib.

Görkəmli teatr xadimləri, ziyalılar və sənətsevərlərin iştirakı ilə keçirilən tədbirdə Azərbaycan teatrının keçmişinə və bu gününə nəzər salınıb. Həmçinin bir qrup mədəniyyət xadimləri, yaradıcı sənət ustaları milli teatr sənətinin inkişafındakı xidmətlərinə görə İttifaqın təsis etdiyi "Sənətkar" medalı və bu il yubiley yaşı tamam olan sənətçilər fəxri fərmanlarla, eləcə də bir qrup qadın sənətçilər "Qızılgül" mükafatı ilə təltif olunublar.

Eyni zamanda İttifaqda fəaliyyət göstərən laboratoriyaların 4 gün davam edən "Baxış-3" festivalının nəticələri açıqlanaraq, iştirakçılara diplomlar təqdim edilib.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.