Xəbər lenti
Dəmir yumruq » Mədəniyyət » Musiqili Teatrın sevilən aktrisası yubileyini səhnədə qeyd edib
Mədəniyyət / 9-03-2023, 22:21

Musiqili Teatrın sevilən aktrisası yubileyini səhnədə qeyd edib

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında “Beş manatlıq gəlin” (S.Rüstəmov, M.S.Ordubadi) musiqili komediyasının budəfəki nümayişi teatrın tanınmış aktrisası, Prezident mükafatçısı Gülcahan Salamovanın 60 illik yubileyi münasibətilə təqdim olunub.

Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tamaşadan əvvəl teatrın direktor müavini, sənətşünaslıq üzrə fəlsəfə doktoru Vəfa Mühacirova aktrisanın səhnə fəaliyyətindən danışıb.

Vaxtı ilə bu tamaşanın Naz-nazı olan Gülcahan xanım bu dəfə onu sevənləri Səlbi (Naznazın anası) obrazı ilə qarşılayıb.

Rejissor, Əməkdar incəsənət xadimi Əsgər Əsgərovun quruluşunda ərsəyə gələn "Beş manatlıq gəlin" tamaşasında Gülcahan Salamova ilə yanaşı, Əməkdar artistlər Nadir Xasiyev, İqrar Salamov, aktyorlar Möylə Mirzəliyev, Səmədzadə Xasiyev, Mehriban Zaliyeva, İbrahim Əlizadə, Elnarə Nağdəliyeva, Nigar Qarayeva və başqaları da eyni səhnəni bölüşürlər.

Qeyd edək ki, Gülcahan Əhməd qızı Salamova 1988-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Musiqili komediya aktyoru" fakültəsini bitirib.

Həmin ildən Azərbaycan Dövlət Akademik Musiqili Teatrında solist-vokalist kimi yaradıcılıq fəaliyyətinə başlayıb. Teatrda çalışdığı müddətdə saysız obrazların öhdəsindən məharətlə gəlib. 2013-cü ildə Mədəniyyət Nazirliyinin "Fəxri mədəniyyət işçisi” döş nişanı ilə təltif olunub. Prezident mükafatçısıdır.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.