Azərbaycan ilə Özbəkistan arasında münasibətlər son illərdə keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyaraq strateji tərəfdaşlıqdan möhkəm müttəfiqlik səviyyəsinə yüksəlmişdir. Bu münasibətlərin əsasını iki qardaş xalqı birləşdirən ortaq tarix, dil, mədəniyyət, milli-mənəvi dəyərlər və qarşılıqlı hörmət təşkil edir. Dövlət başçıları İlham Əliyev və Şavkat Mirziyoyev arasında mövcud olan səmimi dostluq və qarşılıqlı etimad isə əlaqələrin daha da inkişafına güclü siyasi təkan verir.
Azərbaycan–Özbəkistan münasibətlərinin yeni mərhələsinin mühüm xüsusiyyəti əməkdaşlığın yalnız siyasi sahə ilə məhdudlaşmaması, iqtisadiyyat, investisiya, sənaye, kənd təsərrüfatı, enerji, nəqliyyat, rəqəmsal texnologiyalar, turizm və humanitar sahələri əhatə edən çoxşaxəli tərəfdaşlıq modelinə çevrilməsidir. Qarşılıqlı ticarətin artırılması, birgə müəssisələrin yaradılması və biznes əlaqələrinin genişləndirilməsi hər iki ölkənin iqtisadi potensialının daha səmərəli istifadəsinə imkan yaradır.
Nəqliyyat və tranzit sahəsində əməkdaşlıq da xüsusi əhəmiyyət daşıyır. Azərbaycan və Özbəkistanın Mərkəzi Asiya ilə Cənubi Qafqazı birləşdirən layihələrdə fəal iştirakı Xəzər üzərindən daşımaların və Orta Dəhlizin imkanlarının genişləndirilməsi baxımından mühüm perspektivlər açır. Bu əməkdaşlıq iki ölkənin iqtisadi maraqları ilə yanaşı, regionun nəqliyyat-kommunikasiya əlaqələrinin inkişafına da xidmət edir.
Enerji sahəsində üçtərəfli Azərbaycan–Özbəkistan–Qazaxıstan əməkdaşlığı yeni imkanlar formalaşdırır. Yaşıl enerjinin istehsalı və ötürülməsi istiqamətində imzalanmış strateji tərəfdaşlıq sazişi Türk dövlətləri arasında enerji əməkdaşlığının inkişafı baxımından mühüm addımdır.
Bu gün Azərbaycan-Özbəkistan münasibətləri yalnız ikitərəfli əlaqələr baxımından deyil, Türk dünyasının birliyi və Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında əməkdaşlığın gücləndirilməsi baxımından da böyük əhəmiyyət daşıyır. Qarşılıqlı siyasi dəstək, iqtisadi inteqrasiya və xalqlar arasında humanitar bağların möhkəmlənməsi gələcəkdə bu münasibətlərin daha da dərinləşəcəyinə möhkəm zəmin yaradır.
Beləliklə, Azərbaycan–Özbəkistan əlaqələrinin yeni inkişaf mərhələsi qarşılıqlı etimad, strateji müttəfiqlik və konkret layihələrlə səciyyələnir. Bakı və Daşkənd arasında formalaşan bu nümunəvi münasibətlər Türk dünyasının həmrəyliyinin və regional əməkdaşlığın gücləndirilməsinə mühüm töhfə verir.
Altay Məmmədov,
YAP Şamaxı rayon təşkilatının sədr müavii