Dəmir yumruq » Hadisə » Prezident 8 fərman imzaladı
Hadisə / Manşet / Bugün, 17:04

Prezident 8 fərman imzaladı

 

Prezident 8 fərman imzaladı. 
 
Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2026-cı il 3 mart tarixli 373-VIIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 387 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.
 
Axar.az fərmanın mətnini təqdim edir:
 
1. Müəyyən edilsin ki:
 
1.1. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 51-1.2-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
 
1.2. həmin Məcəllənin 51-1.2-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur.
 
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
 
2.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2026-cı il 3 mart tarixli 373-VIIQD nömrəli Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlayıb üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
 
2.2. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
 
3. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın, Azərbaycan Respublikasının Ali Məhkəməsinə və Azərbaycan Respublikasının Baş Prokurorluğuna tövsiyə edilsin ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 51-1.2-ci maddəsinə uyğun olaraq, cinayət mühakimə icraatı zamanı prosessual sənədlərin elektron formada tərtib edilməsi, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi qaydasına dair təkliflərini hazırlayıb üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.
 
4. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 387 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (III kitab), maddə 610 (Cild I); 2024, № 1, maddələr 24, 33, № 4, maddə 387, № 8, maddə 945; 2025, № 4 (I kitab), maddə 340, № 6, maddə 561, № 7, maddə 633, № 11, maddələr 1036, 1038; 2026, № 1, maddələr 24, 41) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:
 
4.1. üçüncü abzasa “Məcəlləsinin” sözündən sonra “51-1.2-ci maddəsində,” sözləri əlavə edilsin;
 
4.2. dördüncü–iyirmi altıncı abzaslar müvafiq olaraq beşinci–iyirmi yeddinci abzaslar hesab olunsun və aşağıdakı məzmunda dördüncü abzas əlavə edilsin:
 
“həmin Məcəllənin 51-1.2-ci maddəsində nəzərdə tutulmuş orqanın (qurumun) səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti;”.
 
***
 
Prezident İlham Əliyev “Şəxslərin dövlətlərarası axtarışı haqqında Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin 2010-cu il 10 dekabr tarixli Müqaviləsində düzəlişlər edilməsi barədə Protokol”un təsdiq edilməsi haqqında fərman imzalayıb.
 
Fərmanda deyilir:
 
1. 2024-cü il oktyabrın 8-də Moskva şəhərində Azərbaycan Respublikası tərəfindən qeyd-şərtlə imzalanmış “Şəxslərin dövlətlərarası axtarışı haqqında Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin 2010-cu il 10 dekabr tarixli Müqaviləsində düzəlişlər edilməsi barədə Protokol” təsdiq edilsin.
 
2. Bu Fərmanın 1-ci hissəsində göstərilən Protokol qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti onun müddəalarının həyata keçirilməsini təmin etsinlər.
 
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Protokolun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Müstəqil Dövlətlər Birliyinin İcraiyyə Komitəsinə bildiriş göndərsin.
 
***
 
Prezident İlham Əliyev əhalinin icbari tibbi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bir sıra tədbirlər haqqında fərman imzalayıb.
 
Fərmanda deyilir:
 
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, ölkədə icbari tibbi sığortanın tətbiqi sahəsində islahatların davam etdirilməsi məqsədilə qərara alıram:
 
1. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi publik hüquqi şəxsin əhalinin icbari tibbi sığortası sahəsində səlahiyyətləri (bu Fərmanın 3.3-cü bəndi nəzərə alınmaqla) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilsin.
 
2. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi publik hüquqi şəxsin və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsin birləşmə formasında yenidən təşkili yolu ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi publik hüquqi şəxs (bundan sonra – Agentlik) yaradılsın.
 
3. Müəyyən edilsin ki:
 
3.1. Agentlik Azərbaycan Respublikasında icbari tibbi sığortanın tətbiqi, xidmətlər zərfi çərçivəsində tibbi xidmətlərin maliyyələşdirilməsi üçün vəsaitin icbari tibbi sığorta fondunda cəmləşdirilməsi və həmin vəsaitin idarə olunması, icbari tibbi sığorta üzrə dövlət adından tibbi xidmətlərin mərkəzləşdirilmiş alıcısı və xərclərin ödənilməsi funksiyalarını həyata keçirir, habelə əlilliyin müəyyən edilməsi və müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların yekun tibbi müayinəsi sahələrində fəaliyyət göstərir;
 
3.2. Agentlik İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi publik hüquqi şəxsin (bundan sonra – İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi) və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsin (bundan sonra – Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi) hüquqi varisidir, onların hüquq və öhdəlikləri, habelə əmlakı (bu Fərmanın 3.3-cü və 3.4-cü bəndləri nəzərə alınmaqla) Agentliyə keçir;
 
3.3. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sığortaolunanların dərman və tibb vasitələri ilə təmin edilməsi ilə bağlı hüquq və öhdəlikləri Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə keçir;
 
3.4. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin əlilliyi olan şəxslərə reabilitasiya xidmətlərinin göstərilməsi ilə bağlı hüquq və öhdəlikləri, habelə tabeliyindəki reabilitasiya müəssisələri bütün əmlakı ilə birlikdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə (bundan sonra – Sosial Xidmətlər Agentliyi) keçir;
 
3.5. Agentliyin nizamnamə fondu bu Fərmanın 3.2-ci bəndinə uyğun olaraq ona keçən əmlak hesabına formalaşır;
 
3.6. Agentliyin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün 5 (beş) üzvdən – sədr və onun 4 (dörd) müavinindən ibarət İdarə Heyəti yaradılır;
 
3.7. Agentliyin fəaliyyəti dövlət büdcəsinin, icbari tibbi sığorta fondunun vəsaiti və nizamnaməsində müəyyən edilən digər mənbələr hesabına maliyyələşdirilir.
 
4. Agentliyin təsisçisinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilsin:
 
4.1. Azərbaycan Respublikasının Prezidentinə:
 
4.1.1. nizamnamənin təsdiq olunması və nizamnamə fondunun miqdarının müəyyən edilməsi, onların dəyişdirilməsi;
 
4.1.2. idarəetmə orqanlarının yaradılması;
 
4.1.3. yenidən təşkil və ləğv edilməsi;
 
4.2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə:
 
4.2.1. “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 3.3-cü maddəsində nəzərdə tutulmuş qərarın qəbul edilməsi;
 
4.3. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə:
 
4.3.1. bu Fərmanın 4.1-ci və 4.2-ci bəndlərində qeyd edilənlər istisna olmaqla, “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli.
 
5. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
 
5.1. aşağıdakılarla bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin:
 
5.1.1. bu Fərmanın 1 – 3-cü hissələri nəzərə alınmaqla, normativ hüquqi aktların təkmilləşdirilməsi;
 
5.1.2. Agentliyin nizamnaməsinin layihəsi, o cümlədən nizamnamə fondunun miqdarı;
 
5.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
 
6. Agentlik “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı günədək:
 
6.1. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi bu Fərmanın 7.1-ci bəndi nəzərə alınmaqla öz fəaliyyətini davam etdirsinlər;
 
6.2. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin və Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin idarə olunması bu Fərmanın 7.1-ci bəndinə uyğun olaraq yaradılan komissiya tərəfindən həyata keçirilsin.
 
7. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi:
 
7.1. bu Fərmanın 2-ci hissəsi nəzərə alınmaqla, həmin hissədə nəzərdə tutulan publik hüquqi şəxslərin təhvil-təslim işlərinin təşkili və Agentlik fəaliyyətə başlayanadək idarə edilməsi üçün rəhbəri əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini olmaqla komissiya yaradılmasını təmin etsin;
 
7.2. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin və Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin balansında olan əmlakın (bu Fərmanın 3.4-cü bəndi nəzərə alınmaqla) Agentliyin balansına verilməsi ilə bağlı üç ay müddətində zəruri tədbirlər görülməsini təmin etsin;
 
7.3. bu Fərmanın 3.4-cü bəndinə uyğun olaraq, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tabeliyindəki reabilitasiya müəssisələrinin Sosial Xidmətlər Agentliyinin tabeliyinə verilməsini üç ay müddətində təmin etsin;
 
7.4. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə birlikdə Agentliyin dövlət qeydiyyatına alınması ilə bağlı “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş zəruri tədbirləri həyata keçirsin;
 
7.5. bu Fərmandan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görsün”.
 
***
 
Prezident İlham Əliyev Dövlət qulluğunun inzibati və yardımçı vəzifələri üzrə aylıq vəzifə maaşının minimum məbləğləri, əməyin ödəniş səviyyələri üzrə vəzifələr, səviyyə və pillələr üzrə artım faizləri və aylıq vəzifə maaşlarının məbləğlərinin müəyyən edilməsi haqqında fərman imzalayıb.
 
Fərmanda deyilir:
 
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33-3.5-ci maddəsinə əsasən qərara alıram:
 
1. Azərbaycan Respublikasının dövlət orqanlarında qulluq keçən dövlət qulluqçularının aylıq vəzifə maaşının minimum məbləği inzibati vəzifələr üçün 1170 manat, yardımçı vəzifələr üçün 760 manat müəyyən edilsin.
 
2. Dövlət qulluğunun inzibati və yardımçı vəzifələri üzrə əməyin ödəniş səviyyələri təsdiq edilsin.
 
3. Dövlət qulluqçularının əməyinin ödəniş səviyyələri və pillələri üzrə artım faizləri təsdiq edilsin.
 
4. Dövlət qulluqçularının əməyinin ödəniş səviyyələri və pillələri üzrə aylıq vəzifə maaşlarının məbləği təsdiq edilsin.
 
5. Bu Fərmanın 3-cü və 4-cü hissələri ilə müəyyən edilmiş birinci – üçüncü ödəniş səviyyələri üzrə inzibati vəzifələrin və dördüncü – on birinci ödəniş səviyyələri üzrə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında inzibati vəzifələr üzrə baza aylıq vəzifə maaşları (birinci ödəniş pilləsi) qulluq şəraitinin xüsusiyyətləri nəzərə alınmaqla, 10 faiz yüksək məbləğdə müəyyən edilsin.
 
6. Müəyyən edilsin ki, bu Fərmanın 2-ci hissəsi ilə təsdiq edilən dövlət qulluğunun inzibati və yardımçı vəzifələri üzrə əməyin ödəniş səviyyələrində göstərilməyən və Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli 911 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda nəzərdə tutulmayan, dövlət qulluğunun xüsusi növünə aid olan dövlət orqanlarında dövlət qulluğu vəzifələri üzrə əməyin ödəniş səviyyələri, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə razılaşdırılmaqla, həmin vəzifələrin aid olduğu dövlət orqanlarının rəhbərləri tərəfindən analoji ödəniş səviyyələrinə uyğunlaşdırılır.
 
7. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Fərmanda nəzərdə tutulan əməkhaqlarının ödənilməsini 2026-cı ildə Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsində bu məqsəd üçün nəzərdə tutulmuş vəsait, eləcə də dövlət orqanlarının saxlanılması xərclərində büdcə xərclərinin iqtisadi təsnifatının “Əməkhaqqı” köməkçi bölməsi dairəsində xərc paraqrafları arasında dəyişikliklər etməklə həyata keçirsin.
 
8. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.
 
9. Bu Fərman 2026-cı il yanvarın 1-dən tətbiq edilir.
 
***
 
Azərbaycan Respublikasının bəzi dövlət orqanlarının rəhbər işçilərinə yeni vəzifə maaşlarının müəyyən edilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında fərman imzalayıb.
 
Fərmanda deyilir:
 
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, bəzi dövlət orqanlarının rəhbər işçilərinin əməkhaqlarının artırılması məqsədilə qərara alıram:
 
1. Azərbaycan Respublikasının bəzi dövlət orqanlarının rəhbərlərinin və onların müavinlərinin (Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallar istisna olmaqla) beşinci ödəniş pilləsi üzrə aylıq vəzifə maaşları aşağıdakı məbləğlərdə müəyyən edilsin:
 
1.1. Baş nazir 17160 manat
 
1.2. Baş nazirin birinci müavini 15950 manat
 
1.3. Baş nazirin müavini 14850 manat
 
1.4. nazir 13750 manat
 
1.5. digər mərkəzi icra hakimiyyəti orqanının və mərkəzi icra
 
hakimiyyəti orqanına bərabər tutulan orqanın rəhbəri 13200 manat
 
1.6. nazirin birinci müavini 12650 manat
 
1.7. nazirin müavini, digər mərkəzi icra hakimiyyəti
 
orqanının və mərkəzi icra hakimiyyəti orqanına bərabər
 
tutulan orqanın rəhbərinin birinci müavini 12100 manat
 
1.8. digər mərkəzi icra hakimiyyəti orqanının və mərkəzi icra
 
hakimiyyəti orqanına bərabər tutulan orqanın rəhbərinin müavini 11550 manat
 
2. Yerli icra hakimiyyəti başçılarının aylıq vəzifə maaşları beşinci ödəniş pilləsi üzrə aşağıdakı məbləğlərdə müəyyən edilsin:
 
2.1. Bakı şəhəri 13200 manat
 
2.2. Gəncə və Sumqayıt şəhərləri 9900 manat
 
2.3. digər şəhər, rayon və şəhər rayonu üzrə 8800 manat.
 
3. Müəyyən edilsin ki:
 
3.1. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33-4.3-cü maddəsi nəzərə alınmaqla, bu Fərmanın 1-ci və 2-ci hissələrində göstərilən vəzifələr üzrə baza aylıq vəzifə maaşı (birinci ödəniş pilləsi) beşinci ödəniş pilləsi üzrə aylıq vəzifə maaşı 1,1 əmsalına bölünməklə, digər ödəniş pillələri üzrə aylıq vəzifə maaşı baza aylıq vəzifə maaşına münasibətdə hər pillə üzrə müvafiq olaraq 2,5 faiz artım tətbiq edilməklə müəyyən edilir və tam ədədə (sonuncu rəqəmi “0” və ya “5” olmaqla) yuvarlaqlaşdırılır;
 
3.2. bu Fərman qüvvəyə minənədək bu Fərmanın 1-ci və 2-ci hissələrində nəzərdə tutulmuş şəxslərə ödənilən vəzifə maaşı, əlavə, mükafat və digər ödənişlər bu Fərmanla müəyyən edilən aylıq vəzifə maaşına daxil edilir.
 
4. Bu Fərmana uyğun olaraq müəyyən edilən vəzifə maaşları əsasında əməkhaqqı fondunun formalaşdırılması məqsədilə dövlət orqanlarının saxlanılması xərclərinin tərkibində hər il dövlət büdcəsində vəzifə maaşlarının birinci ödəniş pilləsi üzrə hesablanan illik əməkhaqqı fondu və onun 10 faizi miqdarında əlavə vəsait nəzərdə tutulsun.
 
5. “Azərbaycan Respublikasının bəzi dövlət orqanlarının rəhbər işçilərinin əməkhaqlarının artırılması və “Azərbaycan Respublikasının bəzi dövlət orqanlarının rəhbər işçilərinə yeni vəzifə maaşlarının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 10 avqust tarixli 348 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 1 mart tarixli 1609 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 3, maddə 197 (Cild I); 2024, № 7, maddə 796) 1 – 4-cü hissələri ləğv edilsin.
 
6. Bu Fərman 2026-cı il yanvarın 1-dən tətbiq edilir.
 
***
 
Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası üzvlərinin əməkhaqlarının artırılması və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası üzvlərinin vəzifə maaşlarının müəyyən edilməsi haqqında” 2004-cü il 10 avqust tarixli 351 nömrəli, “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası üzvlərinin vəzifə maaşlarının müəyyən edilməsi haqqında” 2007-ci il 22 yanvar tarixli 1893 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə” 2022-ci il 1 mart tarixli 1613 nömrəli Fərmanında və “Azərbaycan Respublikası prokurorluq orqanları işçilərinin maddi və sosial təminatı haqqında” 2002-ci il 8 oktyabr tarixli 1054 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə fərman imzalayıb.
 
Fərmanda deyilir:
 
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, bəzi dövlət orqanlarının rəhbər işçilərinin əməkhaqlarının artırılması məqsədilə qərara alıram:
 
1. “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası üzvlərinin əməkhaqlarının artırılması və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası üzvlərinin vəzifə maaşlarının müəyyən edilməsi haqqında” 2004-cü il 10 avqust tarixli 351 nömrəli, “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası üzvlərinin vəzifə maaşlarının müəyyən edilməsi haqqında” 2007-ci il 22 yanvar tarixli 1893 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 1 mart tarixli 1613 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 3, maddə 201 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:
 
1.1. 1-ci hissə üzrə:
 
1.1.1. 1.1-ci bənddə “3060” rəqəmləri “12000” rəqəmləri ilə əvəz edilsin;
 
1.1.2. 1.2-ci bənddə “2650” rəqəmləri “11000” rəqəmləri ilə əvəz edilsin;
 
1.1.3. 1.3-cü bənddə “2450” rəqəmləri “10000” rəqəmləri ilə əvəz edilsin;
 
1.1.4. 1.4-cü bənddə “2250” rəqəmləri “9000” rəqəmləri ilə əvəz edilsin;
 
1.2. 2-ci hissə ləğv edilsin.
 
2. “Azərbaycan Respublikası prokurorluq orqanları işçilərinin maddi və sosial təminatı haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 8 oktyabr tarixli 1054 nömrəli Sərəncamında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 10, maddə 612 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:
 
2.1. 1-ci hissə üzrə:
 
2.1.1. “3260 manat” sözləri “13750 manat, Baş prokurorun birinci müavininin aylıq vəzifə maaşı 12650 manat, Baş prokurorun müavininin aylıq vəzifə maaşı 12100 manat” sözləri ilə əvəz edilsin;
 
2.1.2. aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
 
“Qeyd olunan vəzifə maaşları “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33-4.3-cü maddəsinə uyğun olaraq əməyin beşinci ödəniş pilləsinə əsasən müəyyən edilmişdir.”;
 
2.2. aşağıdakı məzmunda 1-1-ci hissə əlavə edilsin:
 
“1-1. Baş prokurora və onun müavinlərinə ali xüsusi və ali hərbi rütbələr nəzərdə tutulan vəzifələr üzrə normativ hüquqi aktlarda nəzərdə tutulmuş vəzifə maaşından, habelə pul təminatından (əməkhaqqından) hesablanan üstəlik əlavələr və birdəfəlik ödənişlər şamil edilmir. Baş prokurora və onun müavinlərinə, ali xüsusi və ali hərbi rütbələr nəzərdə tutulan vəzifələr üzrə xidmət ilindən asılı olaraq, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33-4.3-cü maddəsi ilə müəyyən edilmiş əməyin ödəniş pillələri üzrə baza aylıq vəzifə maaşı (birinci ödəniş pilləsi) beşinci ödəniş pilləsi üzrə aylıq vəzifə maaşı 1,1 əmsala bölünməklə, digər ödəniş pillələri üzrə aylıq vəzifə maaşı baza aylıq vəzifə maaşına münasibətdə hər pillə üzrə müvafiq olaraq 2,5 faiz artım tətbiq edilməklə müəyyən edilsin və tam ədədə (sonuncu rəqəmi “0” və ya “5” olmaqla) yuvarlaqlaşdırılsın.”.
 
3. Müəyyən edilsin ki, bu Fərman qüvvəyə minənədək bu Fərmanın 1-ci və 2-ci hissələrində nəzərdə tutulmuş şəxslərə ödənilmiş vəzifə maaşı, əlavə, mükafat və digər ödənişlər onların bu Fərmanla müəyyən edilən aylıq vəzifə maaşına daxil edilir.
 
4. Bu Fərman 2026-cı il yanvarın 1-dən tətbiq edilir”.
 
***
 
Prezident İlham Əliyev dövlət adından yaradılan və dövlət büdcəsindən vəsait alan publik hüquqi şəxslərin əməkhaqqı sisteminin təkmilləşdirilməsi haqqında fərman imzalayıb.
 
Fərmanda deyilir:
 
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, dövlət adından yaradılan və dövlət büdcəsindən vəsait alan publik hüquqi şəxslərin əməkhaqqı sisteminin optimallaşdırılması məqsədilə qərara alıram:
 
1. Dövlət adından yaradılan və dövlət büdcəsindən vəsait alan publik hüquqi şəxslərin (bundan sonra – publik hüquqi şəxslər) işçilərinin aylıq vəzifə maaşlarının məbləğinin yuxarı həddi aşağıdakı qaydada müəyyən edilsin:
 
1.1. tabeliyi olmayan publik hüquqi şəxslərdə nəzərdə tutulmuş vəzifələrə münasibətdə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə uyğun olaraq müəyyən edilmiş digər mərkəzi icra hakimiyyəti orqanlarında analoji (onlara bərabər tutulan) vəzifələr üzrə baza aylıq vəzifə maaşının (birinci ödəniş pilləsi) 90 faizi həcmində;
 
1.2. dövlət orqanlarının və bu Fərmanın 1.1-ci bəndində göstərilən publik hüquqi şəxslərin tabeliyində yaradılan publik hüquqi şəxslərdə nəzərdə tutulmuş vəzifələrə münasibətdə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.4-cü maddəsinə uyğun olaraq müəyyən edilmiş digər mərkəzi icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentlikləri və dövlət xidmətlərində analoji (onlara bərabər tutulan) vəzifələr üzrə baza aylıq vəzifə maaşının (birinci ödəniş pilləsi) 90 faizi həcmində;
 
1.3. bu Fərmanın 1.2-ci bəndində göstərilən publik hüquqi şəxslərin tabeliyində olan publik hüquqi şəxslərdə nəzərdə tutulmuş vəzifələrə (rəhbər və müavin vəzifələri istisna olmaqla) münasibətdə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.6-cı maddəsinə uyğun olaraq müəyyən edilmiş digər mərkəzi icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentlikləri və dövlət xidmətlərinin yerli bölmələrində analoji (onlara bərabər tutulan) vəzifələr üzrə baza aylıq vəzifə maaşının (birinci ödəniş pilləsi) 90 faizi həcmində.
 
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
 
2.1. üç ay müddətində:
 
2.1.1. bu Fərmanın 1-ci hissəsi nəzərə alınmaqla, Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının təkmilləşdirilməsi ilə bağlı təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
 
2.1.2. aşağıdakıları müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin:
 
2.1.2.1. bu Fərmanın 1.3-cü bəndində nəzərdə tutulmuş publik hüquqi şəxslərin rəhbəri və rəhbərinin müavini vəzifələri üçün aylıq əməkhaqqı məbləğini;
 
2.1.2.2. bu Fərmanın 1-ci hissəsinə uyğun olaraq publik hüquqi şəxslərdə mövcud olan vəzifələrin Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli 911 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda nəzərdə tutulmuş dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması siyahısını;
 
2.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
 
3. Publik hüquqi şəxslər:
 
3.1. altı ay müddətində “Dövlət maliyyəsinin səmərəli idarə edilməsinin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 25 avqust tarixli 489 nömrəli Fərmanının 3.7-ci bəndinə uyğun olaraq, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırmaqla, işçilərinin aylıq vəzifə maaşlarının məbləğinin bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulmuş aylıq vəzifə maaşlarının yuxarı həddi çərçivəsində normativ hüquqi aktlarda nəzərdə tutulmuş qaydada müəyyən edilməsini təmin etsinlər;
 
3.2. strukturları, əməyin ödənişi fondu, işçilərinin say həddi və onların əməkhaqları barədə məlumatları Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 25 dekabr tarixli 901 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət adından yaradılmış publik hüquqi şəxslərə dövlət büdcəsi hesabına məqsədli vəsaitlərin ödənilməsi Qaydası”nın 3.2-ci bəndində nəzərdə tutulmuş hesabatlarla birlikdə təqdim etsinlər”.
 
***
 
Prezident İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və onun tabeliyindəki “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən digər dövlət orqanları işçilərinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb.
 
Fərmanda deyilir:
 
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və onun tabeliyindəki “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən digər dövlət orqanları işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədilə qərara alıram:
 
1. Müəyyən edilsin ki, Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (bundan sonra – Agentlik) və onun tabeliyindəki “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən digər dövlət orqanları işçilərinin mükafatlandırılması məqsədilə 26.600.000 (iyirmi altı milyon altı yüz min) manat məbləğində vəsait hər il növbəti il üçün təsdiq olunan dövlət büdcəsində nəzərdə tutulur.
 
2. Agentlik:
 
2.1. bu Fərmanın 1-ci hissəsinə uyğun olaraq tələb olunan vəsaitin növbəti ilin dövlət büdcəsində nəzərdə tutulması üçün təkliflərini hər il iyulun 1-dək Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etsin;
 
2.2. bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulmuş vəsaitdən istifadə qaydasını Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırmaqla üç ay müddətində müəyyən etsin.
 
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.
 
4. Bu Fərman 2026-cı il yanvarın 1-dən tətbiq edilir”.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.