Dəmir yumruq » Cəmiyyət » Bakıdakı bağça müdirlərini bir araya TOPLADILAR
Cəmiyyət / Sosial / Bugün, 10:15

Bakıdakı bağça müdirlərini bir araya TOPLADILAR

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri ilə effektiv kommunikasiyanın təmin olunmasına dair görüşlər keçirilib.
 
Bu barədə Demiryumruq.az-a BŞTİ-dən məlumat verilib.
 
BŞTİ-nin Media və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov təhsil müəssisələrinin idarə olunmasında effektiv kommunikasiyanın əhəmiyyəti və vahid informasiya mübadiləsinin təmin olunması mövzusunda təqdimatla çıxış edib. Sektor müdiri məktəbəqədər təhsil müəssisələrinin fəaliyyətində ictimaiyyətə açıq kommunikasiya mühitinin formalaşdırılması, eləcə də təhsil müəssisələri arasında informasiya mübadiləsinin effektiv şəkildə qurulmasının önəmindən danışıb.
 
Məktəbəqədər təhsil müəssisələri ilə ictimaiyyət arasında qarşılıqlı etimad mühitinin möhkəmləndirilməsinə təsir edən amillərdən bəhs edən B.Məmmədov valideynlərlə mütəmadi məlumat mübadiləsinin aparılmasının, həmçinin internet resurslarında kommunikasiyanın səmərəli şəkildə həyata keçirilməsinin əhəmiyyətinə toxunub.
 
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Zenfira Sevdimalı media ilə əməkdaşlıq, sosial şəbəkələrdən məqsədyönlü istifadə və digər vacib məqamlardan söz açıb. Effektiv kommunikasiyanı idarəetmənin mühüm tərkib hissəsi kimi dəyərləndirən Z.Sevdimalı bildirib ki, operativ məlumatlandırma, valideynlərlə birgə təşəbbüslər məktəbəqədər təhsil müəssisələrinin ictimai nüfuzuna birbaşa təsir edən amillərdir.
 
Məktəbəqədər təhsil müəssisələrində səmərəli idarəetmənin rolunun artırılması, tərbiyəçi-müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi istiqamətində atılan addımlardan bəhs edən BŞTİ-nin Məktəbəqədər təhsilin təşkili sektorunun müdir səlahiyyətlərini müvəqqəti icra edən Rəna Aslanova bildirib ki, bütün bunlar uşaqların hərtərəfli inkişafı üçün əlverişli mühitin formalaşmasına xidmət edir.
 
Görüşlərdə təhsil müəssisələrinin rəhbərlərini maraqlandıran suallara aydınlıq gətirilib, müvafiq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
 
Qeyd edək ki, görüşlərin keçirilməsində əsas məqsəd ictimaiyyətlə əlaqələr işinin səmərəliliyinin artırılması, kommunikasiya strategiyasının təkmilləşdirilməsi, təhsil müəssisələri- valideynlər və media ilə əməkdaşlıq mexanizmlərinin effektivliyinin gücləndirilməsindən ibarətdir.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.